Azərbaycanın sabiq Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə keçmiş nazir sosial şəbəkədə bəyanat yayıb.
Q.Quliyev qeyd edib ki, onu bu addımı atmağa ABŞ-a köçmüş oğlu Murad Quliyevin (Mone Guliyev) “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibə vadar edib.
Keçmiş nazir müraciətində bildirib ki, oğlu Murad Quliyevin sosial şəbəkədə çıxışları ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb:
“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq məcburiyyətində qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətimlə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.
Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividendlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!
Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.
Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.
İlhamə Əbülfət
Rəylər