"Azərbaycanda saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, sözügedən sistem 2027-ci ildən tətbiq olunacaq:
"Məqsədimiz müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir. Bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanaraq saatlıq tarif maaşından daha yüksək müəyyən edilməsi təklif olunur. Bu sistemin tətbiq ediləcəyi fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. İlk mərhələdə sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur".
Nazir müavininin sözlərinə görə, bununla belə, tətbiq gələcəkdə digər fəaliyyət sahələrini də əhatə edə bilər.