Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kiçik elektrik nəqliyyat vasitələrinin parklanma yerləri müəyyənləşdi
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları təsdiqlənib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanmışdır və kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə edilməsi qaydalarını tənzimləyir.
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri, park ərazilərində, yaşayış zonalarında, səkilərdə, velosiped yollarına bitişik hissədə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir.
Parklanma yerləri müəyyən edilərkən aşağıdakı meyarlar nəzərə alınmalıdır:
- cəlbetmə məntəqələrinin (ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.) mövcudluğu;
- nəqliyyat infrastrukturu obyektlərinin (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri) mövcudluğu;
- insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsinin mövcudluğu.
Parklanma yerləri elə təşkil olunmalıdır ki, parklanan kiçik elektrik nəqliyyat vasitələri skamyaların, yanğınsöndürmə hidrantlarının və küçədə mövcud olan digər qurğu və avadanlıqların istifadəsinə, habelə nəqliyyat vasitələrinin və yol hərəkəti iştirakçılarının hərəkətinə maneə törətməsin və onlara təhlükə yaratmasın. Parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.
Parklanma yerləri ərazinin quruluşuna görə bucaq altında və ya paralel istiqamətdə düzbucaqlı formada təkcərgəli , çoxcərgəli, yarımdairəvi, dairəvi və bitişik təkcərgəli parklanma yerləri olan formada təşkil olunur. Bitişik təkcərgəli parklanma yerləri olan çoxcərgəli parklanma yerləri təşkil edilərkən cərgələrarası məsafə ən azı 1,5 metr təşkil edir. Parklanma yerləri hər kiçik elektrik nəqliyyat vasitəsi üçün ən azı 0,40 metr enində, 1,5 metr uzunluğunda təşkil edilir.
Kiçik elektrik nəqliyyat vasitələri parklanma yerlərində yerə uzadılmadan, parklanmış digər kiçik elektrik nəqliyyat vasitələrinə toxunmadan, parklanmış kiçik elektrik nəqliyyat vasitələrinin arasından istənilən kiçik elektrik nəqliyyat vasitəsinin asanlıqla çıxarılmasına imkan yaradılmaqla parklanmalıdır.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- İlham Əliyevdən Bakıda və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsinə dair SƏRƏNCAM
- Sərnişin və yük daşımaları üçün "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nı AYNA verəcək
- Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi üzrə say hədləri təsdiqləndi
- Əli Əsədov Almatıda işgüzar səfərdədir
- Yeni sosial islahat paketi: Azərbaycanın növbəti uğuru
Rəylər