1 saylı Kliniki Tibbi Mərkəzdə (KTM) koronavirus şübhəsi ilə bir nəfərin müayinəsi davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.
Bildirilir ki, fevral ayının 11-i üçün yoluxucu xəstəliklər şöbəsində bir nəfərin müayinəsi davam etdirilir:
“Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu şəxs Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb”.
Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-də bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.