Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kolumbiya Universitetinə qəbul olan Nihadın anası: “Qarşıda bir neçə sınaqdan da keçməlidir” - FOTO
Azərbaycanda bir neçə məktəbli ABŞ-nin ən nüfuzlu təhsil müəssisələrindən olan Kolumbiya Universitetinə qəbul olublar.
Bu məktəblilərdən biri Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Şəki Kimya-Biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə, digəri isə özəl təhsil müəssisələrindən birində təhsil alan Nihat Həsənovdur.
Oxu.Az-ın əməkdaşı həmyaşıdları arasında böyük uğura imza atan Nihat Həsənovun ailəsi ilə əlaqə saxlayıb.
Məktəblinin anası Xəyalə Həsənova saytımıza açıqlamasında oğlunun uğurlu nəticə toplamasına sevindiyini qeyd edib:
“Oğlumun 16 yaşı var və bu yaşa qədər uğurları çox olub. Respublika və ölkə xaricində keçirilən bir çox yarışlarda yüksək yerləri tutub. Nihat ABŞ-nin Nyu-York şəhərində yerləşən, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Kolumbiya Universitetinə qəbul olub. Dövlət proqramı ilə təhsil alacaq. Azərbaycanda bu universitetə müraciət edən 17 gəncdən biri də mənim oğlum olub. İmtahana qədər demək olar ki, çox uzun və zəhmətli yol keçib. Şübhəsiz ki, Nihatın çox hədəfləri yüksəkdir və bizim də ondan gözləntilərimiz çoxdur.
Özüm ixtisasca Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. Nihatın təhsilinə valideyn olaraq atası da, mən də çox diqqət ayırmışıq. Amsterdam Universitetindən, eləcə də İngiltərənin bir çox təhsil müəssisələrindən müsbət cavab gəlmişdi. Nihat özü ABŞ-nin ən yaxşı 10 universitetindən birini istəyirdi. Dünən cavablar açıqlandı və gördük ki, elə özü istədiyi universitetə qəbul olub. Çox sevindik”.
Anası deyir ki, Nihat fevral ayında BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib:
“Oğlum respublika səviyyəsində keçirilən bir çox yarışlarda, müsabiqələrdə iştirak edərək uğurlar qazanıb. Keçən il xarici ölkələrdən birində iqtisadiyyat sahəsində olimpiada keçirilmişdir. Nihat onlayn qaydada olimpiadada iştirak edib və yaxşı nəticə göstərib. Onun olimpiadalarda çoxsaylı medalları var, hətta keçən il keçirilən esse yarışında birinci yerə layiq görülmüşdü. Oğlum dövlət proqramı çərçivəsində təhsilini davam etdirəcək, bunun üçün qarşıda bir neçə sınaqdan da keçməlidir”.
Könül Cəfərli