“Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya Türkiyə vətəndaşının müraciəti ilə bağlı məlumat qeydə alınmayıb”.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu “Twitter” sosial şəbəkəsində Mərkəzdə türk vətəndaşı olan tələbəyə tibb işçiləri tərəfindən tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı iddiaların əks olunduğu paylaşıma münasibət bildirərkən deyib.
O bildirib ki, məsələ Mərkəz tərəfindən araşdırılıb və belə bir fakt aşkarlanmayıb:
“Məlumat üçün bildirək ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım” deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib. Amma, bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya Türkiyə vətəndaşının müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçisi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik”.
13:52
Kliniki Tibbi Mərkəzdə həkimlərin türk vətəndaşına qarşı laqeyd davranılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.
O bildirib ki, türk vətəndaşın yazdığı statusda söhbətin hansı şəxsdən getdiyi qeyd edilməyib:
“Belə ki, şəxsin getdiyi hansı şöbə və hansı həkimdən söhbət getdiyi göstərilməyib. Bir qədər yalan məlumata oxşayır. Həqiqətə yaxın heç nə yoxdur. Ümumiyyətlə, burada həkimlər heç bir pasiyentlə o cür danışa bilməz və deyilənlər həqiqətə uyğun deyil”.
12:20
Azərbaycanda daxili qanaxma riski ilə xəstəxanaya müraciət edən türkiyəli tələbə problemlə üzləşib.
Bu barədə “Twitter” sosial şəbəkəsində Çağla Acar adlı istifadəçi məlumat paylaşıb. Belə ki, sözügedən hadisənin dostunun başına gəldiyini qeyd edən sosial şəbəkə istifadəçisi xəstəxanalarda tibb işçilərinin laqeyd münasibətindən şikayət edib:
“Ötən gün dostum Azərbaycanda dövlət xəstəxanası olan Kliniki Tibbi Mərkəzə (Semaşko) gedib və həkim tərəfindən qəbuledilməz bir münasibətlə qarşılaşıb. Həkim onun şikayətini belə dinləmədən, laqeyd münasibət sərgiləyərək onu evinə göndərməyə çalışıb. 40 dəqiqə bir otaqda gözlədiblər. Daha sonra insana rəva bilinməyəcək tərzdə müayinə tətbiq edən həkim bir diaqnoz qoyaraq otağı tərk edib.
Qeyd edim ki, dostum xəstəxanaya daxili qanaxma riski ilə gedib. Bu şikayətə həkim gözü ilə diaqnoz qoymaq olarmı? Dostum sonra həkimi tapa bilməyib və otağa gedərək ona hər hansı dərman yazılıb-yazılmayacağını soruşub. Oradakı işçilər isə onu çox kobud şəkildə otaqdan çıxmasını tələb ediblər. Ailəsinin qardaş ölkə bilib göndərdiyi bir yerdə tələbəyə, qonaq şəxsə münasibət budur? Bu, hansı etik, əxlaqi davranışlara sığır? Bu tələbə Azərbaycandakı dövlət xəstəxanasının səhlənkarlığı səbəbindən həyatını itirsəydi, bunun məsuliyyətini kim daşıyacaqdı? Kim cavabdeh olacaqdı? Hətta dostum bir gün öncə müraciət etdiyi başqa bir tibb müəssisəsində ondan qeydiyyatdan kənar pul tələb edildiyini də dedi. O, pul verməyəcəyini dedikdə isə ona hörmətsiz bir şəkildə cavab verilib. Eşidəndə çox təəccübləndim.
Dostum o vəziyyətdə başqa bir xəstəxanaya gedib, orada da gözəyarı bir diaqnoz qoyublar. Dostum ağzından hələ də qan gəldiyini dediyi halda isə “bəyənmirsənsə, başqa xəstəxanaya gedə bilərsən” deyə cavab veriblər. Mən başa düşmürəm, dövlət xəstəxanasında daxili qanama riski ilə müraciət edən pasiyent üçün 1 saatın belə hökmü varkən, bu şəkildə müayinə edərlər? Bu, rəsmən şəxsi ölümə tərk etmək deməkdir”.
Könül Cəfərli