Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 28-i, saat 19:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Lənkəran rayonunun Səpnəkəran kəndindən çağırış daxil olub.
"Çağırış əsasında dərhal təcili tibbi yardım briqadası ünvana yönləndirilib. Lakin təcili tibbi yardım avtomobili çağırışa gedərkən Lənkəran rayonunun Velədi kəndi ərazisində qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hadisə yerinə əlavə təcili tibbi yardım briqadası cəlb edilib.
Qəza zamanı minik avtomobilində olan iki nəfər (bir kişi və bir qadın cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərə hadisə yerinə gələn digər təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yaralılardan biri Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir, digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlar var.
Oxu.Az xəbər verir ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa çıxan təcili tibbi yardım avtomobili rayonunun Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Müslümovun idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində "Hyundai Santa Fe"nin sürücüsü və avtomobildə olan sərnişin, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Ülkər Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağrışa gedən təcili tibbi yardım avtomobili "Hyundai Santa Fe" markalı maşınla toqquşub.
Faktla bağlı araşdırma aparılır.