Azərbaycan gey, lesbiyan, biseksual və transgenderinin “Nəfəs LGBT Azerbaijan” alyansı 22 yanvar tarixini “Azərbaycan LGBT icmasının Qürur günü” adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə alyansın Gün.Az-ın redaksiyasına daxil olan bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, məhz bu tarixdə cinsi azlıqların hüquqlarının müdafiəçisi olan İsa Şahmarlı özünə qəsd edib. “Nəfəs LGBT Azerbaijan”nın fikrincə, ölümdən qabaq Facebook-da yazılan status gənc insanın öz tanış və yaxınları arasında başa düşülmədiyinə görə özünü öldürməsini düşünməyə əsas verir.
Bəyanat müəllifləri qeyd edirlər ki, İsa Şahmarlı qeyri-ənənəvi oriyentasiya səbəbindən tanış və yaxınları tərəfindən təzyiqə qalmaqda olan tək insan deyil.
“Biz, “Nəfəs LGBT Azerbaijan” alyansı olaraq bu faciəvi hadisə ilə bağlı təəssüfümüzü ifadə edir və bu kimi hadisələrin baş verməsində müqəssir bilinən hər kəsi pisləyirik”, - deyə sənəddə bildirilir.
“Gəlin, ədavətə qarşı mübarizəni birgə davam etdirək”, - deyə “Nəfəs LGBT Azerbaijan” bütün insanpərvər insanlara müraciət edib.