Uzaq olmayan keçmişdə orta məktəblərdə laboratoriyalar vardı. Hansı ki, şagirdlər bu laboratoriyalarda müxtəlif eksperimentlər keçirərdi. Bu kimya, fizika və biologiya fənlərinin daha da yaxşı qavramağa kömək edirdi.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, indi də laboratoriyalar var, amma onların köhnələrək sıradan çıxmış texniki vəsaiti, müasir standartlara cavab vermir.
Bu səbəbdən də ölkə ərazisində fəaliyyət göstərən xarici şirkətlərdən biri xüsusi proqram çərçivəsində respublikanın orta ümumtəhsil məktəblərində texniki fənlər üçün xüsusi kabinetlər yaratmağı qərara alıb və ilk addımı da atıb.
Ötən gün Qaradağ rayonu, 233 saylı məktəbdə biologiya laboratoriyası açıldı.
Şirkət rəsmisi Aydın Kərimovun sözlərinə görə, “müəyyən proqram çərçivəsində bu günə kimi - dünya üzrə 280 məktəbi laboratoriya avadanlıqları ilə təchiz etmişik.
Çalışacağıq ki, Azərbaycanda hər il bir məktəbi bu avadanlıqla təchiz edək”.