“Hesab edirəm ki, bu konkret YAP-a yönəlmiş bir kampaniya, ümumiyyətlə, iqtidar-müxalifət məsələsi deyil. Çünki bir müddət əvvəl də Cəmil Həsənlinin qızı ilə bağlı video yaymışdılar”.
Bu sözləri keçmiş millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Musa Musayev müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:
- Son zamanlar qocaman YAP-çılar niyə fəaliyyətlərindən daha çox, intim görüntüləri ilə gündəmə gəlirlər?
- Üç gündə eyni ssenari ilə fərqli adamların videosu yayıldı, bu, qurma da, montaj da ola bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Sosial şəbəkələrlə bağlı işə cavabdeh, güman ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Lazımdır ki, “Facebook”, “WhatsApp”, “Instagram” üçün parlamentdə qanun layihəsi hazırlansın. Bununla yanaşı, həmin işlərin başında duran adamları güc strukturları axtarıb tapmalıdır. Bunu edən hansı şəbəkədirsə, onun qarşısını almaq lazımdır.

- Bunun YAP-a qarşı məqsədli şəkildə həyata keçirilən bir kampaniya olduğunu düşünürsünüz?
- Hesab edirəm ki, bu konkret YAP-a yönəlmiş bir kampaniya, ümumiyyətlə, iqtidar-müxalifət məsələsi deyil. Çünki bir müddət əvvəl də Cəmil Həsənlinin qızı ilə bağlı video yaymışdılar. O isə müxalifətdir. Ona görə də düşünürəm ki, bu iqtidara-müxalifətə yox, birbaşa Azərbaycan dövlətinə, millətinə, azərbaycanlılara yönələn bir PR kampaniyasıdır və məqsədli şəkildə edirlər.
YAP-da bundan əvvəl də Hüseynbala Mirələmovun videosu yayılmışdı, ancaq o görüntü məqsədli şəkildə çəkilməyib, təsadüf idi, onlayn görüşdə ekranı açıq qoyub o əməli törədib və iştirakçılardan biri bunu çəkib. Lakin, ümumiyyətlə, bu işlə məşğul olan, videoları yayan adam papağını qabağına qoyub bir az da dövlət, millət haqqında düşünməlidir.
- Sizcə həmin şəxslər aşkarlanıb məsuliyyətə cəlb ediləcək?
- Qanun var, şəxsi həyata müdaxilə etmək olmaz. Bu videoları sosial şəbəkələrə buraxmaq özü cinayət məsuliyyəti yaradır. O şəxsləri tapıb cəzalandırmaq lazımdır ki, digər şantaj yolunu seçənlərə də dərs olsun. Həmçinin bu hadisələr hər bir vəzifəli şəxsə, Azərbaycan vətəndaşına da dərs olmalı və onlar ehtiyatlı davranmalıdırlar. Bir də görürsən anonim zənglər edilir. Biz bunlara aldanmamalıyıq.
Mənbə: Yenisabah.az