Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində 10 nəfər təxliyə edilib.
Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yanğınla bağlı məlumat daxil olduqdan sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 173 kv.m olan dördotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub", - məlumatda bildirilir.
Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN OLUB
Bakıda, metronun "Həzi Aslanov" stansiyası yaxınlığındakı çoxmərtəbəli binalardan birində güclü yanğın olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Yanğının binanın səkkizinci mərtəbəsində baş verdiyi görünür.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar. Yanğın söndürülüb.
Əzizə İsmayılova
Rəylər