Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin konkret şəxsin şikayəti ilə bağlı olduğunu deyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanmasına münasibət bildirən Bahar Muradova bildirib ki, bununla bağlı ölkə xaricində və ölkə daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil:
“Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil".
Bahar Muradova bildirib ki, Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır:
“Bu onların arasında olan fərdi problemdir. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ Dövlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".