Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə deputatlıq üçün namizədlik irəli sürən 1190-dan çox adamı qeydiyyatdan keçirib. Bu barədə MSK-nın çərşənbə axşamı baş tutan iclasında bildirilib.
Oxu.Az xəbər verir ki, çərşənbə axşamına olan məlumata əsasən, 263 nəfərin namizədliyi siyasi partiyalar, 15 nəfərin namizədliyi “Azadlıq-2015” seçki bloku, iki nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 910 nəfər isə şəxsi təşəbbüslə deputatlığa namizədlik irəli sürüblər.
İclas zamanı MSK-ya daxil olan Dairə seçki komissiyalarının namizədlərin qeydiyyatına imtina ilə əlaqədar daxil olmuş bir sıra şikayətlərə baxılıb.
Daxil olmuş şikayətlər üzrə Dairə seçki komissiyalarından birinin qərarı ləğv edilib və iddia təmin olunub. 4 müraciət təmin edilməyib və dairə seçki komissiyasının qərarı qüvvədə qalıb.
Azərbaycan Konstitusiyasına müvafiq olaraq Milli Məclisə seçkilər hər beş ildən bir noyabrın ilk bazar günü keçirilir.