Bu gün “MiniBoss Business School Baku”nun təşkilatçılığı ilə gənc startapçıların ikinci milli biznes çempionatı keçirilib.
Bu ilin aprel ayında keçirilən “Startap Forum”da həm “Miniboss Business School Baku”nun, həm də digər məktəblərdən olan şagirdlərdən ibarət 12 komanda mübarizə aparıb.
Oxu.Az-a açıqlamasında “MiniBoss Business School”un icraçı direktoru Elman Əliyev bildirib ki, bu gün startap layihənin final mərhələsi keçirilib:
“Komandalar aprel ayında keçirilən “Startap Forum”da layihələrini təqdim edib investorlar tərəfindən vəsait qazanmışdılar. Bu gün isə təqdim edilən prezentasiyaların layihə kimi milli çempionatda təqdimatı keçirilib və birincilik uğrunda mübarizə gedib. Komandaların təqdim etdiyi məhsullar arasında münsiflər tərəfindən ən yaxşı olanı seçilib və həmin layihə milli çempionatın kubokuna sahib olub. Ən yüksək bal toplayan komanda qalib olmaqla yanaşı, beynəlxalq “Miniboss Çempionatı”da iştirak hüququ qazanıb. Bu dəfə beynəlxalq “Miniboss Çempionatı”nın İstanbulda keçirilməsi planlaşdırılır.
Lakin yekun qərar dünya ölkələrinin ümumi vəziyyəti qiymətləndirildikdən sonra veriləcək. Hətta ola bilər ki, çempionat “online” formatda keçirilsin. Onu da qeyd edim ki, ötən ildən fərqli olaraq bu il layihədə altı yaşdan 14 yaşa qədər “MiniBoss Business School Baku”nun və digər məktəblərin şagirdləri iştirak ediblər”.
Ötən il keçirilən beynəlxalq “MiniBoss Çempionatı”nda iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub. İlk dəfə üçün bu çox yaxşı nəticədir.
“MiniBoss Business School Baku”nun təsisçisi Nərminə Həsənova isə bildirib ki, bu gün keçirilən sayca ikinci “MiniBoss Business School” Milli çempionatında münsiflər qalibləri müəyyən ediblər:
“Aprel ayında keçirilən “Startap Business Forum”da 12 komandanın irəli sürdüyü ideyalara müvafiq olaraq 450 manatdan 5 000 manata qədər investisiyalar ayrılıb. Startap zamanı gənc startapçılar bəzi məhsulların təqdimatını edib və o məhsulları fərqli satış məntəqələrinə yerləşdiriblər. Qaliblər bu gün seçilib. Qalib komanda beynəlxalq “Miniboss Çempionatı”nda iştirak edəcək”.
“Miniboss Business School Baku 2022” çempionatının qalibi müəyyənləşib. Birinci yerin qalibi maksimal 642 bal toplayan “Smart Carbon Monoxide” komandası olub. Bu komanda ölkəmizi beynəlxalq “Miniboss Çempionatı”nda təmsil edəcək.
Müvafiq olaraq ikinci yerin qalibi 590 balla “İnfanimals”, üçüncü yerin qalibi isə 559 bal toplayan “Pasttillicious” komandası olub. Sonda bütün iştirakçılara sertifikat və qiymətli hədiyyələr verilib.
Könül Cəfərli
FOTO: Firudin Səlimov