ANS 1992-ci ildə “Azərbaycanda müharibə, müharibədə Azərbaycan gedir!" söyləyəndə şübhəsiz ki, uğradığımız təcavüzün bizə vəd etdiyi ən ağır aqibəti nəzərə alırdı. Bu gün də Azərbaycanda müharibə gedir. Özünün bütün əlamətləri ilə. Amma o vaxtla bu vaxtın bir ciddi fərqi var. O, zaman biz Azərbaycanı yalnız səngərlərdə qorumurduq. Müdafiə tədbirlərini informasiya cəbhəsində də görürdük. Hərbi hissənin adını demirdik, ön xətti, düşməni, səngərini kameranın imkanları daxilində maksimum yaxınlaşdırıb çəkirdik ki, Azərbaycan döyüşçülərinə, onların komandirlərinə göstərək. Ona görə də, kamera yalnız çəkiliş vasitəsi deyildi, həm də döyüş ləvazimatı kimi müəyyən funksiya daşıyırdı. Azərbaycan döyüşçüləri Ermənistan döyüşçüləri ilə müharibə apardıqları bir vaxtda, Azərbaycan jurnalistləri də Ermənistan jurnalistləri ilə öz sahəsində döyüşürdülər.
Bu, bizim ümumi işimiz idi və “hər şey cəbhə üçün, hər şey qələbə üçün!” dedikdə jurnalistikanın da cəbhə və qələbə üçün olduğunu beynimizə birdəfəlik vurmuşduq. Bilirdik ki, şayiələri yaymaq olmaz. Yalan danışmaq olmaz. Bunun öz cəzası var və bu cəzanı hərbi nizamnamədən əvvəl hərbçilər özləri verirdilər.
Biz, hətta çəkdiyimiz kadrlarda öz səngərlərimizi belə göstərmirdik ki, təsadüfən ermənilər bunu görər və döyüşçülərimizin yerini müəyyən edər. Son zamanlar baş verən bəzi hadisələr göstərdi ki, atəşkəsin sakitliyi vətəndaşı sadəcə sakinə çevirməkdədi. Dövlət məsuliyyəti vətəndaş məsuliyyətsizliyilə ciddi bir şəkildə toqquşmağa başlayıb. Yaranmış şəraitin adını mən təxminən informasiya və məlumat intizamsızlığı adlandırıram. Xəbər qaynaqlarının qeyri-ciddiliyi, sayt reallığının diqtə etdiyi başdansovdu müharibə gedən ölkədə, hətta ən toxunulmaz sahəni - sərhəd və cəbhə amilini belə oyuncağa çevirir. Hətta, vəziyyət o dərəcəyə çatıb ki, şəhid sayı bir az artıq olan kimi az qala ölkədə matəm elan etmək kimi çağırışlar baş qaldırır. Bir sıra kütləvi informasiya vasitələrində təbii ki, bu, ümumi bir xalqın əhval-ruhiyyəsi deyil. Deyəsən unuduruq ki, müharibədə insanlar ölür və ölməlidir. Bilməliyik ki, biz nə istəyirik. Torpaqlarımızın hərbi yolla azad edilməsini istəyiriksə, şəhid qarşılamağa hazır olmalıyıq.
Biz düşmənə gücümüzü göstərməliyik, daha tanklarımızın nömrəsini, hərbi hissələrimizin dislokasiya ünvanlarını yox. Müharibə vəziyyətində olan ölkələrdə informasiyanın verilməsi xüsusi qanunla tənzimlənir. Dövlətin taleyilə oynayan informasiya əyləncəçilərinin qarşısına belə ölkədə də ciddi Qanunla çıxırlar.
ANS Ən Yeni Tariximizin, o cümlədən də Qarabağ müharibəsinin salnaməçisi tək bilir ki, hətta yeri gələndə ölüm xəbərini belə çatdırmaq olmaz. Ona görə ki, döyüşçünün əsas məqsədi itirdiyi döyüşçü yoldaşının başı üstündə dua oxumaq deyil, qarşı tərəfə meydan oxumaqdır. Ona görə də belə deyirlər, səngər qaz. Qəbri sonraya saxla. Gəlin, çaşmayaq. Səngər qazaq! Qəbir yox!
Mənbə: ANS TV