Moskvanın Dolqoprudnı rayonunda doqquzuncu gündür ki, 17 yaşlı məktəbli - Qumru Əhmədovanı axtarırlar.
Oxu.Az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdini son dəfə dekabrın 26-da görüblər.
“Biz rəfiqələrimizdən birinin evində rübün sonunu qeyd etməyə yığışmışdıq. Bir az oturduq. Qumru hamıdan öncə getdi. O, milliyyətcə azərbaycanlıdır. Onun ailəsi yetərincə ciddidir, ona evə tez qayıtmağı tapşırmışdılar”- qızın sinif yoldaşlarından biri “KP”-yə danışıb.
Qız saat 16.00-da rəfiqəsi ilə birgə çıxıb. Bir neçə dəqiqədən sonra küçədən keçən bir nəfər onun telefon ilə danışdığını görüb. Saat 16.11-də o Vkontakte səhifəsinə daxil olub.
“Təxminən elə bu zaman arvadım ona zəng edib evə gəlməsini deyib. 15 dəqiqə sonra isə onun telefonu artıq cavab vermirdi. Biz narahat olmağa başladıq. Mən uşağın itməsinə dair polisə xəbər verdim. Ümid edirdik ki, indi harda olsa gəlib çıxacaq. Gecə saat 3-də artıq polisə gedib itkin düşməsi barədə ərizə yazdım”- qızın atası Mirsaleh Əhmədov “KP”yə bildirib.
“Komsomolka”nın informasiyasına görə, 17 yaşlı Qumru Əhmədovanı evlənmə məqsədi ilə də qaçıra bilərlər. Axı, Qafqaz xalqlarında belə bir adət var. Amma Mirsaleh Əhmədov bu versiyaya çox da inanmır.
“Bəli, belə şey olur. Amma belə olsaydı oğlanın adamları bizə xəbər verərdilər. Amma belə şey baş verməyib. Baxmayaraq ki, artıq doqquzuncu gün keçir”.
Qumru Əhmədovanın axtarışı ilə “Liza Alert” axtarış dəstəsi məşğul olur.
Əlamətləri – boyu 163 sm, bədən quruluşu normal, saçlarının rəngi qara, gözlərinin rəngi şabalıdıdır.
Papaqlı qara gödəkçə, tünd göy rəng cins şalvar, açıq rəngli yun köynək, boğazı ağ xəzli, qara qısa çəkmə geyinib. Qumrunun əlində üzərində qəhvəyi naxışları olan qara çantası olub.