Moskva meriyası tərəfindən geniş reklam edilmiş Ümumrusiya Sərgi Mərkəzinin (ÜSM) bərpası sahəsində aparılan işlər qalmaqalla başladı.
Oxu.Az Qazeta.ru-ya istinadən bildirir ki, 21 aprel tarixində şəhər müdafiəçiləri mədəni irs obyektinin – “Radioelektronika” 15 nömrəli pavilyonunun məhv edildiyini bildiriblər.
Şəhər müdafiəçiləri eləcə də keçən həftə əvvəllər “Azərbaycan” kimi məşhur olan 14 nömrəli “Hesablama texnikası” pavilyonunun fasadının da söküldüyünü bəyan ediblər.
Beləliklə də meriyanın sərgiyə əvvəlki görünüşünün qaytarılması barədə qərarı yerinə yetirilir. Aprelin əvvəlində Moskva meri Sergey Sobyanin ÜSM köhnə (Xalq təsərrüfatı nailiyyətləri sərgisi, XTNS) adının qaytarılmasını təklif edib və bərpa işlərinin qısa xülasəsini verib.
Əvvəl bu ərazinin yeni inkişaf konsepsiyasını hazırlamaq üçün müsabiqə keçirilməsi barədə elan edilmişdi. ÜSM-in XTNS-ə çevrilməsi üçün 60 milyard rubl lazımdır. Yaxın zamanlarda isə yeni mülkiyyətçi – Moskva, abidələrin rekonstruksiyasına 13 milyard rubl sərmayə yatırmağa söz verib.