Təkrarən yoxlanılan çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar.
Oxu.Az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Gənc çağırışçıların yenidən yoxlanacağı haqda yayılan məlumatlara aydınlıq gətirən V. Dərgahlı bildirb ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir:
“Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir.
Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.