"Bilik günü"ndə valideynlərin üz tutduqları əsas yerlərdən biri də gül dükanlarıdır. Hər il olduğu kimi, bu il də şagirdlər "Bilik günü"nə gül buketləri ilə gedəcəklər. Bəs bu günlərdə hazırlanan buketlərin qiymətləri necədir?
Oxu.Az hazırda gül bazarındakı son vəziyyəti araşdırıb.
Ümumilikdə, paytaxtın bir neçə rayonunda apardığımız araşdırmalara əsasən, qeyd etmək olar ki, qiymətlər bir-birinə yaxındır.
Xətai rayonunda yerləşən çiçək mağazalarında qızılgüllər 5 manatdan, gül buketləri isə 20 manatdan başlayır. Qeyd olunur ki, qiymətlər şəxslərin büdcəsinə uyğun olaraq dəyişir. "Bilik günü"nə özəl hazırlanan hədiyyə səbətlərinin qiyməti isə 50 manatdan başlayaraq, 100 manata qədər dəyişir.
Səbail rayonu ərazisində yerləşən buket satış məntəqələrində də qiymətlər büdcəyə uyğun dəyişir. Məsələn, gül buketlərinin qiyməti 15 manatdan 500 manata qədərdir. Hədiyyəlik səbətlərin qiyməti isə 20 manatdan başlayır.
Yasamal rayonunda isə qiymətlər nisbətən yüksəkdir. Gül buketlərinin minimal qiyməti 30, hədiyyəlik səbətlərin isə 50 manatdır. Bildirilir ki, qiymətlər büdcəyə görə dəyişir və istənilən məbləğdə buket, hədiyyə səbəti tapmaq olar.
Qaradağ rayonunda da gül buketlərinin qiyməti 20 manatdan başlayır və büdcəyə uyğun dəyişir. Hədiyyəlik səbətlərin qiyməti isə 70-200 manat aralığındadır.
Nizami rayonunda isə gül buketlərinin qiyməti 20 manatdan, hədiyyəlik səbətlərin qiyməti isə 15 manatdan başlayır.