Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nabranın turizm zonasından keçən yararsız yol təmir olunub - FOTO
Gəndob-Yalama-Rusiya Federasiyası avtomobil yolunun 66-67-ci kilometrinin dağılmış hissəsi təmir olunub.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunun Nabran-Şirvanlı kəndləri arasındakı turizm zonasından keçən yolun bir kilometr hissəsi uzun müddətdir yararsız vəziyyətə idi. Yolun təmiri Avtomobil Yolları Dövlət Agentliyinin Xaçmazdakı “4 saylı Yol İstismarı İdarəsi” MMC tərəfindən həyata keçirilib.
Avtomobil yolu ağır texnikalar vasitəsilə genişləndirilib, daş-çınqıl döşənib. Yolda altı yerdə suötürücü borular yerləşdirilib.
İdarənin baş mühəndisi Cəlaləddin Musayev bildirib ki, Nabran kəndindən keçən həmin yoldan Şirvanlı, Turist və Samurçay kəndlərinin sakinləri, həmçinin ərazidəki çoxsaylı turizm obyektlərində dincələn insanlar istifadə edirlər.
“Yolun həmin hissəsi ərazidəki istirahət mərkəzlərindən axıdılan suların təsiri ilə dağılıb. Yol təmir olunub və çirkab sularının yolun hərəkət hissəsinə axmasının qarşısını almaq üçün suötürücü borular yerləşdirilib. İndi yolda avtomobillərin rahat hərəkəti təmin olunub”, - deyə baş mühəndis Cəlaləddin Musayev bildirib.
Rəylər