Dənizkənarı Milli Parkda gəzinti qatarının qızı vurması ilə bağlı araşdırma başlayıb və təqsirli olan şəxs cəzalanacaq.
Bunu Bulvar İdarəsinin sədr müavini Nazim Məcidov Oxu.Az-a dünən Milli Parkda baş vermiş hadisə ilə bağlı danışarkən söyləyib.
Bulvar İdarəsinin sədr müavini qeyd edib ki, hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır:
“Xanım Bulvara gəzintiyə çıxıb, hadisə insanların sıx olduğu ərazidə baş verib. Təbii ki, sürücü diqqətli olmalı idi. Hadisə araşdırılır, ekspertizadan sonra isə təbii olaraq təqsirli şəxs cəzalanacaq”.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, xanım öz həyat yoldaşı və azyaşlı uşağ ilə Dənizkənarı Milli Parkda gəzintiyə çıxıbmış. Ana öz körpəsini qatardan qorumaq məqsədi ilə arabanı arxaya itələyərkan özü qatara dəyib.
Nazim Məcidov bildirdi ki, Milli Park ərazisində fəaliyyət göstərən gəzinti qatarı təcrübəli, peşəkar sürücülər tərəfindən idarə olunur:
“Onlar sürücülük vəsiqəsi ilə bərabər bu qatarların idarə edilməsində yüksək təcrübəyə də malikdirlər. Gəzinti qatarları Milli Parkda artıq 4 ildir ki, fəaliyyət göstərir və indiyənə qədər belə bir hadisə olmayıb. Biz hesab edirik ki, hər halda sürücü daha diqqətli olmalı idi”.
N.Məcidov vurğuladı ki, xanım elə də ağır xəsarət almayıb:
“Xəsarət alan xanım Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Mən özüm də xanımı ziyarət etmişəm. Xanımın bədənində sınığı yoxdur, huşu yerində idi, bədəni isə yüngün əzilib. Həkimlər bununla bağlı müvafiq yardım göstəriblər. Xanım səhərə qədər xəstəxanada qalıb”.
Qeyd edək ki, dünən Dənizkənarı Milli Parkda (Bulvar) ehtiyatsızlıq üzündən gəzinti qatarı 20-25 yaşlı qızı vurub.
Elvin Əhmədov
www.oxu.az