Bu tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcək.
Oxu.Az xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bildirib.
Nazir bəyan edib ki, Azərbaycanda enerji resurslarına ümumi tələbatın təxminən 40 faizinə qənaət etmək potensialı vardır.
Onun sözlərinə görə, enerji resurslarının qənaət istiqamətində tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcəkdir.
“Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalıb” – deyib N.Əliyev.
Nazir bildirib ki, elektrik stansiyalarının adambaşına düşən qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır.
“Bu səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 milyard manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksəlib 3600 kilovat-saatdan artıq olacaq”.