Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir. Təbii ki, hər bir ana və körpə ölümü Səhiyyə Nazirliyini də, cəmiyyəti də narahat edir, amma statistik rəqəmlərə baxdıqda görürük ki, bu rəqəmlər azalır.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, ana və uşaq ölümü dünyanın bütün ölkələrində baş verir:
“Əksər hallarda biz cəmiyyətə, analara da müraciət edirik ki, həkimlərə vaxtında müraciət etmək lazımdır. Yəni həkimlərə gec müraciət etdikdə, hamiləlik zamanı həkim nəzarətində olmadıqda, sonda belə problemlər meydana çıxa bilər. Bu da tək-tək hallarda baş verir. Hər bir ana və uşaq ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır, günahkarlar cəzalandırılır. Regionlarda da metodiki tövsiyə xarakterli tədbirlər keçirilir və ginekoloqlar bu sahədə maarifləndirilir”.
Nazir müavini həmçinin bildirib ki, Ebola virusu ilə bağlı Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur. Azərbaycanda bu xəstəliyin aşkarlanmadığını deyən nazir müavini bildirib ki, sadəcə olaraq profilaktik tədbirlərin görülməsi üçün Həcc ziyarətindən dönənlərə də müraciət olunub ki, bir daha müayinədən keçsinlər.(Trend)