İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən ötən il 51 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 46 nəfər şəxsə müvafiq yardımlar göstərilib.
Oxu.Az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Qeyd edək ki, onlardan 25 nəfərinin məşğulluğunun təmin edilməsinə, 13 nəfərinin peşə hazırlığı kursuna cəlb olunmasına köməklik göstərilib, 3 nəfər maddi, 12 nəfər tibbi, 31 nəfər hüquqi, 6 nəfər psixoloji yardımla, 5 nəfər sığınacaqla təmin edilib.
Eyni zamanda, 5 nəfərinin ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, 3 nəfərinin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfərinə əlil arabasının, 2 nəfərinə torpaq sahəsinin verilməsi üçün aidiyyatı qurumlara müraciət edilib.
Qeyd edilən şəxslərdən digərləri də zəruri köməkliklərlə (hüquqlarının təmin edilməsi, övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, əlillik müayinəsinin aparılması və s.) təmin olunublar. Hazırda onların bir qismi ilə işlər davam etdirilir.