16-28 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər 32 iş üzrə 42 000 manat məbləğində cərimə edilib.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
“Ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 5325.51 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 1089 iş üzrə 207 508 manat məbləğində ödəmə tətbiq edilib” - nazirliyin məlumatında deyilir.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 28, məhkəmələrə isə 4 iş göndərilib.
“Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 170 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 96 müddətli “məcburi göstəriş” verilib” - nazirliyin məlumatında deyilir.