Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində yeni dünyaya gələn körpənin həyatını itirməsi haqqında məlumat vermişdik.
Körpənin valideynləri uşağın ölümündə mamaçanı günahlandıraraq uşağın onun əlindən düşərək öldüyünü bildiriblər.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli hadisə ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, uşağın ölümünə səbəb onun beyninə qan sızması olub.
“Uşağın anası xroniki anemiya xəstəsi olub, buna görə də körpə ürək qüsuru ilə doğulub. Doğuş zamanı göyərti və s. müşahidə olunub. Rentgenin də nəticəsi göstərir ki, ürək sol tərəfdən çox genişlənib. Onun nəticəsində də beyinə qansızma baş verib. Qansızma da olanda beynin daxilini travmalayır. Həkim valideynlərə deyib ki, uşağın beyninin daxilində travma olub. Valideynlər də yanlış anlayıb, deyirlər ki, uşaq yerə dəyib travma alıb. Belə bir şey olarsa prokurorluq orada olardı və həmin həkimi həbs edərdilər. Əslində həkimin səhvidir ki, valideynlərlə professional terminlərlə danışıb. Onu daha sadə variantda uşağın yaxınlarına izah etməli idi”.
10:48
Dünən Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində faciə yaşanıb.
Oxu.Az xəbər verir ki, doğum evindən Azvision.Az-a verilən məlumata görə, yeni doğulan uşaq həyatını itirib.
Körpənin valideynləri uşağın ölümündə mamaçanı günahlandırıblar.
Onlar yeni doğulan uşağın mamaçanın əlindən düşərək öldüyünü və həkimlərin faciəni gizlətmək üçün körpənin doğuş zamanı dünyasını dəyişdiyini dediklərini bildiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az