Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Oxu.Az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 80 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli “məcburi göstəriş” verilib.
Məlumatda bildirilir ki, ümumilikdə, 34 iş üzrə 57 100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 869.9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 227 iş üzrə 34 731 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 13 iş göndərilib.