“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Oxu.Az-a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, “qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Nazirlik qanunda nəzərdə tutulmuş müddəaları qeyd edir:
“29.4. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31.8. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır”.