Artıq 14 gündür ki Ukraynada müharibə şəraiti davam edir. Müxtəlif şəhərlərdə intensiv atışmalar müşahidə edilir. Vətəndaşların təhlükəli ərazilərdən çıxarılması istiqamətində zəruri olan bütün tədbirlər görülür.

Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi istiqamətində ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən ciddi addımlar atılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən, son sutka ərzində Ukraynadan Azərbaycana 1237 nəfər gətirilib. Müharibə başlayandan 8 mart tarixinə qədər isə 4375 nəfər soydaşımız təxliyə edilərək ölkəmizə gətirilib.
Oxu.Az-ın əməkdaşı “Birlik” Odessa diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu ilə həmsöhbət olub.
- Anar bəy, hazırda Odessada vəziyyət necədir, ətrafınızda nə qədər soydaşımız var?

- Vəziyyəti qiymətləndirmək çətindir. Çox adam yoxdur. Siyahıya alma davam edir, sabah 70-100 nəfərə yaxın soydaşımızın Moldova sərhədinə göndərilməsi planlaşdırılır. Son bir həftə ərzində Odessadan əksəriyyəti qadın və uşaqlar olmaqla 1000 nəfərə yaxın soydaşımız Moldova sərhədinə təxliyə edilib. Onların hər biri artıq çatıb, Moldovadakı soydaşlarımız tərəfindən qarşılanaraq sığınacaqlara yerləşdiriliblər. Hətta onların bir qrupu artıq Azərbaycana yola salınıb.
- Vətəndaşların sağlamlıq durumları necədir?
- Soydaşlarımız arasında səhhətində ciddi problem yaranan şəxslər çox deyil. Xüsusilə azyaşlı uşaqların, körpələrin səhhətində yüngül narahatlıq olur. Sağlamlıqla bağlı əlimizdən gələn dərman köməkliyi edirik.
- Soydaşlarımız arasında itkin düşənlər, yaralılar varmı?

- Odessada itkin düşən soydaşlarımızla bağlı dəqiq məlumat yoxdur. Lakin Xarkovda həlak olanlar var. Mariupoldan heç bir xəbər ala bilmirik. Orada çıxılmaz vəziyyətdə qalan qadın, uşaqlar çoxdur. Onlarla əlaqə yarada bilmirik.
-Yardımlarla bağlı daha çox nəyə ehtiyac var? Zəruri ərzaq yardımı, sığınacaq ehtiyatları ilə bağlı təminat kifayət qədər var yoxsa necə?

- Yardımlardan qidalara üstünlük verilir. Konservlər, qarabaşaq (qreçka), makaron kimi qidalara. Əsasən uşaq yeməklərinə, bezlərinə. Tibbi ləvazimatlardan bint daha çox lazım olur. Burada özünümüdafiə qüvvələrinə, təxliyə edilən, yaralanan şəxslərə kömək edərkən lazım olur. Çalışırıq, alternativ yollarla bu ehtiyaclarımızı həll edirik.

- Mariupolda azərbaycanlılara yardım edən bir xanım barədə yazmışdınız. Hələ də əlaqə yarada bilməmisiniz?
- Xeyr. Artıq 3 gündür nə o xanımdan, nə də Mariupoldan xəbər ala bilmirik. Orada internet kəsilib, telefon əlaqəsi demək olar ki mümkünsüz hal alıb. Son dəfə verilən məlumata görə, işıqları da kəsiblər o şəhərdə.
Qeyd edək ki, “Birlik” Odessa azərbaycanlıları diaspora təşkilatının gənclər qolunun sədri Şamxal Quliyev ailəsinin və özünün şəxsi təşəbbüsü ilə Ukrayna ordusu və özünümüdafiə qüvvələrinə ət yardımı edib.
Bundan başqa Azərbaycan diasporunun nümayəndələri xalqa pulsuz çörək və tərəvəzlər də paylayaraq dəstək olublar.
Könül Cəfərli