Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Oğlunu itirən Rəhman Rəhmanov: “Başımız üstümüzdə deyil”
Aktyor, Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovun dünyasını dəyişməsi ilə bağlı məlumat verib.
Əməkdar artist Oxu.Az-a açıqlamasında dəfn tarixi və yeri haqqında dəqiq məlumat bilmədiyini söyləyib:
“Zəng edib, hər kəs başsağlığı verir. Allah hər birinin ölənlərinə rəhmət etsin. Mən hələ dəfn yeri və tarixi haqqında nə isə deyə bilmərəm. Hələ heç nə bilmirik. Başımız üstümüzdə deyil. Danışa bilmirəm. Meyiti götürməyə çalışırıq”.
Müğənninin həyat yoldaşı Sabrina xanım Bizim.Media-ya açıqlamasında bildirib ki, Emil bu gün Biləcəri ərazisində yerləşən qəbristanlıqda torpağa tapşırılacaq.
Xatırladaq ki, Emil bir saat əvvəl M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində vəfat edib. O, damar tıxanması səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub, altı il müddətinə azadlıqdan məhrum edilmişdi. E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurmuşdu.
Nəzrin Vahid
Rəylər