Qarğıdalı çubuqlarının içindən siçan çıxmasına bu məhsulu istehsal edən şirkət münasibət bildirib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, həmin qarğıdalı çubuqları Sabunçu rayonu ərazisində yerləşən sexdə istehsal edilir.
Burada siçanın “kukuruz”un içərisinə girməsini mümkünsüz hesab edən şirkətin hüquqşünası Ziyad Abbaszadə bunun təxribat olduğunu iddia edir.
Onun sözlərinə görə, istehsal prosesi qapalı olduğundan gəmirici ora daxil ola bilməz. Hüquqşünas iddia edir ki, bunu oğurluq üstündə işdən çıxardıqları və hüquq-mühafizə orqanlarına verdikləri keçmiş əməkdaşları edib.
“Səfərov Muraz Xanlar oğlu uzun müddət bu müəssisədə işləyib, münasibətlər yaxşı olub. Sonradan məlum olub ki, müəssisənin fəaliyyətində bir sıra çatışmazlıqlar var, gəlir kifayət qədər deyil. Onunla bağlı şübhələr yarandığı üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. O özü də etiraf edib ki, oğurluq halı olub”, – deyə şirkətin hüquqşünası Ziyad Abbaszadə bildirib.
Həmçinin buranın daim dövlət nəzarətində olduğu və mütəmadi yoxlamalar aparıldığını deyən şirkət nümayəndəsi faktla bağlı da hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini dedi.
Xatırladaq ki, sosial şəbəkələrdə “tıq-tıq xanım” qarğıdalı çubuqlarının içərisindən ölü siçan çıxması ilə bağlı şəkil yayılmışdı. Şəkli yayanlar ölü siçanın uşaq bağçalarının birində satılan qarğıdalı çubuğunun içindən çıxdığını bildirmişdilər.
E.Ə.
www.oxu.az