“Global Firepower Index” reytinqində (globalfirepower.com) Azərbaycan ordusu 50-ci yerdə qərar tutub.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, reytinqdə qeyd edilənə görə, Azərbaycan ordusunun yüz minlərlə rezerv qüvvəsi mövcuddur.
Ordunun gücü iqtisadi gücdən də asılı olduğu üçün reytinqdə Azərbaycan Respublikasının iqtisadi rəqəmlərinə görə də ordu bal toplayır. Reytinqdə qeyd olunur ki, yeni texnologiyaların istifadəsinə baxmayaraq neft müharibə zamanı hələ də ordunun qanı rolunu itirməyib. Belə ki, reytinqdə qeyd olunan günlük 932 min barrel neft hasilatı, 98 min barrel neft tələbatı, isbat olunmuş 7 milyard barrel neft ehtiyatı ordunun ballarına əlavə olunur. Reytinqdə Azərbaycan respublikasının müdafiə büdcəsi: 3.185 milyard dollar, xarici borc: 9.11 milyard dollar, xarici valyuta və qızıl ehtiyatları: 11 milyard 280 milyon dollar, alıcılıq qabiliyyəti pariteti: 98 milyard 360 milyon dollar kimi rəqəmlərlə qeyd edilib.
Sırf ordu qüvvələrinin rəqəmlərinə gəldikdə isə reytinqə görə 544 tank, 1864 zirehli döyüş nəqliyyat vasitələri, 180 özüyeriyən silahlar, 384 artilleriya, 266 reaktiv artilleriya sistemi Azərbaycan ordusunun balansındadır.
Reytinqdə qeyd edilən hava və dəniz qüvvələrinin rəqəmləri də qürurvericidir. Belə ki, 125 qırıcı təyyarə, 18 sabit hücum təyyarəsi, 54 nəqliyyat təyyarəsi, 19 təlim təyyarəsi, 79 helikopter, 18 hücum helikopteri hava qüvvələrinə aiddir.
Beynəlxalq təşkilatın mütəxəssislərinin qeyd etdiyinə görə ölkəmizin hərbi dəniz qüvvələri təyyarə daşıyan gəmilərdən başqa bütün növ hərbi gəmi vahidlərinə malikdir. Bunlardan ümumi 47-si vahid olmaqla, 1 freqat, 4 sualtı qayıq, 23 sahilyanı müdafiə qayıqları, 7 minaatan rəsmi olaraq qeyd edilib.
Ümumilikdə 106 ölkənin ordu gücünün hesablandığı reytinqdə Ermənistan ümumiyyətlə, yer almayıb. Reytinqdə Qazaxıstan 80, Belarus 52, Gürcüstan 64, Estoniya 96-cı yer almaqla ABŞ, Rusiya, ÇXR, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya ilk onluqdadır.
Qeyd edildiyi kimi reytinqin hazırlanmasında Amerikanın mərkəzi kəşfiyyat idarəsinin CIA.gov, CIA World Factbook və wikipedia.com saytları olmaqla KİV xəbərləri və sair məlumatlardan istifadə olunub.