Bu ilin əvvəlində Azərbaycanda əhalinin sayı 9 milyon 477 min 100 nəfər olub. 2013-cü il ərzində əhali 120 min 600 nəfər, yaxud 1,3% artıb.
Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayını üç dəfədən də çox üstələyib.
Başqa sözlə, əgər hər 1000 nəfərə hesabı ilə dünyaya gələnlərin əmsalı 18,6-dırsa, həyatdan köçənlərin əmsalı 5,8-dir.
Doğrudur, 2012-ci ilə nisbətən doğulanların sayı bir qədər azalıb (həmin il 174,5 min körpə dünyaya gəlib).
DSK-nın məlumatına əsasən, hazırda ölkədə körpə dünyaya gətirmək yaşında olan qadınların hər birinə 2,2 uşaq düşür. Bu da o deməkdir ki, Azərbaycanda doğumun səviyyəsi yüksək olaraq qalır.
Hesabat ilində Azərbaycanda təbii artım 118,4 min nəfər təşkil edib.
Ölkəmizdə əksər cavan ailələrin iki övladı var. Üç uşağı olan ailələr də az deyil. Hətta çoxuşaqlı ailələr də istisnalıq təşkil etmir.
DSK məlumat verir ki, ötən il Azərbaycanda 54,2 min ölüm halı qeydə alınıb. Halbuki ondan əvvəlki ildə dünyasını dəyişənlərin sayı 55 min nəfər idi. Demək olar ki, ölkəmizdə son illərdə ölümün səviyyəsi ildən-ilə aşağı düşür, yaxud eyni səviyyədə qalır.
2013-cü il ərzində Azərbaycanda 86,3 min nikah qeydə alınıb. Sevindirici haldır ki, təzə qurulan ailələrin sayı ondan əvvəlki ilə nisbətən 7,2 min artıb.
Ölkə əhalisinin 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir. Əhalinin 53,1%-i şəhərlərdə, 46,9%-i kənd bölgələrində yaşayır.