Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Övladlığa götürmək üçün münasib olan 40 uşağın yarısının sağlamlıq imkanları məhduddur - RƏSMİ
"Övladlığa götürülmə üçün münasib olan təxminən 40 uşağın yarısının sağlamlıq imkanları məhduddur. Təəssüf ki, valideyn namizədlər daha çox sağlam uşaqları övladlığa götürmək istəyirlər".
Oxu.Az-ın məlumatına görə, bunu "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı və mətbuat konfransında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Nazir müavini deyib ki, bu sistemin faydalarından biri də müəssisələrdəki uşaqların siyahılaşdırılması, qeydiyyata alınması və bu sahədə dolğun, lazım olan parametr üzərində siyahı formalaşdırmaqdır:
"Hazırda bu proses gedir. Burada söhbət 1-2 müəssisədən getmir. 3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılırdı. Eyni zamanda, 77 regionda yerli icra hakimiyyəti orqanlarında da müəyyən siyahılar var, biz onu da əldə etməyə çalışırıq.
Digər tərəfdən əcnəbilər də uşaqları övladlığa götürmədə iştirak edirlər. Onların qeydiyyatını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparırdı. Hazırda yekun bazanı formalaşdırırıq, siyahıları alıb yoxlayırıq. Bizim sosial işçi həmin siyahıları bir daha yoxlayır, səfərlərə gedir, ailələri ziyarət edir. Bu çox vacib məqamdır".
Sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlərdən danışan nazir müavini qeyd edib ki, təhsil haqlarında güzəştlər nəzərdə tutulur:
"Eyni zamanda, Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri də nəzərdə tutulur. İstərdik ki, onlara aylıq müavinətlər də ayrılsın. Yəni bir çox sahələr üzrə istər uşağın özünə, istərsə də valideyn namizədə güzəştlər və dəstək verici mexanizmlər nəzərdə tutulur".
İlhamə Əbülfət