Özbəkistan Milli Teleradio şirkətinin (O'zbekiston Milliy Teleradiokompaniyasi) nümayəndə heyəti avqustun 17-21-də "Global Media Group"a daxil olan Baku TV-də nəzəri və praktiki təlim proqramında iştirak edib.
Oxu.Az xəbər verir ki, səfərin əsas məqsədi Baku TV-nin media istehsalı, rəqəmsal platformaların idarə edilməsi və məzmun strategiyası sahəsindəki təcrübəsini öyrənmək və tətbiq etmək olub.
Proqram çərçivəsində qonaqlar rəqəmsal platformaların strateji idarə olunması, media məzmununun istehsal prosesləri, süni intellekt texnologiyalarının tətbiqi, brendinq və vizual standartlar kimi mövzularda Baku TV-nin mütəxəssisləri ilə görüşlər və konsultasiyalar keçiriblər.
Qeyd edək ki, Baku TV ilə Özbəkistanın "Özbəkistan 24" telekanalı arasında 2025-ci ilin oktyabr ayında Daşkənddə əməkdaşlıq memorandumu imzalanıb. Cari səfər həmin sənədlə nəzərdə tutulan təcrübə mübadiləsinin davamı kimi baş tutub.
Təlim proqramı iki qardaş ölkənin media sahəsindəki əlaqələrinin növbəti təzahürü olaraq, təcrübə mübadiləsi əsasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutub. Baku TV-nin rəqəmsal platformalardakı uğurları və məzmun istehsalı təcrübəsi əsasında əldə edilən biliklərin təlim iştirakçılarının öz fəaliyyətlərində tətbiq olunması nəzərdə tutulur.
Xatırladaq ki, Baku TV-nin Qazaxıstanın "Xabar" Agentliyi və Çinin "CCTV+" agentliyi ilə də əməkdaşlıq memorandumları mövcuddur və beynəlxalq tərəfdaşlıq çərçivəsində işlər bundan sonra da davam etdiriləcək.
Baku TV 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.
Baku TV haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.