“Özbəkistan sahibkarları Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində anbar infrastrukturunun yaradılmasında maraqlıdırlar”.
Bunu “Report”a açıqlamasında özbəkistanlı ekspert (müsahibə alınan zaman nəqliyyat nazirinin müavini vəzifəsini daşıyıb - red.) Abdusamat Muminov deyib.
Onun sözlərinə görə, onlar mineral gübrə terminalını uzunmüddətli icarəyə götürmək və ya belə bir terminalın yaradılmasına sərmayə qoymaq niyyətindədirlər:
“İndi bu məsələ öyrənilir, texniki-iqtisadi əsaslandırmanın hazırlanması istiqamətində iş aparılır. 2022-ci ildə Bakı limanı vasitəsilə Özbəkistanın ixrac-idxal əməliyyatlarının həcmi 904 min ton yük təşkil edib. Bu da 2021-ci illə müqayisədə 65% çoxdur. Ərzaq yüklərinin, o cümlədən şəkərin, mineral gübrələrin və konteynerlərin daşınma həcmləri nəzərəçarpacaq dərəcədə artıb”.
Xatırladaq ki, 14 may 2018-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.