Yevlax-Bərdə avtomobil yolunda minik maşınında baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 25-i, saat 17:30-da iki nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yanıq xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.
1968-ci il təvəllüdlü şəxsə hər iki yuxarı ətrafının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Üzün və hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1962-ci il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Yevlax şəhəri, Yevlax-Bərdə avtomobil yolunun 5-ci kilometrliyində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar:
"Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı "Mitsubishi L-200" markalı avtomobilin yük hissəsində həcmi 50 litr olan məişət qaz balonunda yanğınla nəticələnən partlayış baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin salonu və yük hissəsi yanıb, içərisində olan digər iki ədəd qaz balonu deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü - 1962-ci il təvəllüdlü Raquf Əvəz oğlu Əliyev və sərnişin - 1968-ci il təvəllüdlü Akif Şiraslan oğlu Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub".
Xatırladaq ki, ilkin məlumatda hadisə zamanı xəsarət alanın olmadığı bildirilirdi.
Əzizə İsmayılova