Son dövrlərdə sosial şəbəkələrdə stomatoloqlar Rüfət və Rəna Hənifəyeva cütlüyünün işi barədə müsbət rəylər yazılır. İnsanlar onların yüksək peşəkarlığı, stomatologiya sahəsində ən çətin tapşırıqların öhdəsindən gəlmək bacarıqlarını, müasir prinsipləri, üsulları məharətlə tətbiq etmələrindən danışırlar.
Oxu.Az ictimaiyyətin 16 ildən artıq “Stomatoloji Mərkəz”də çalışan bu peşəkar cütlüyə marağını nəzərə alaraq həmin şəxslərdən müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
- Uğurunuzun sirrini necə xarakterizə edərdiniz? İşinizə bu dərəcədə ictimai maraq olmasının səbəbi nədir? Azərbaycanda stomatoloqlar çox olsa da, niyə daha çox məhz sizin haqqınızda danışırlar?
Rüfət Hənifəyev: Xüsusi bir sirr yoxdur. Sadəcə, insan öz işini sevməli, işinə, bazarın konyukturası və ictimaiyyətin tələbatına vicdanla yanaşmalıdır. İş ondadır ki, müasir stomatologiyada estetik görüntü çox önəmlidir. Necə deyərlər, hər kəs “hollivud gülüşü”nə sahib olmaq istəyir. Ən çox ön dişlərdə buna daha çox əhəmiyyət verilir. Əvvəllər ön dişlərdə dişlərin metal-keramik konstruksiyasının hazırlanması və qapaqla örtülməsi üsulu ilə estetik görünüşə nail olmaq mümkün idi. Lakin müasir stomatologiyada yeni materialların tətbiqi zamanı zirkon, press-keramika, vinir və başqa texniki vasitələri istifadə etməklə, biz daha da estetik nəticələrə nail ola bilirik. Plombla dişlərin bərpası da effektiv üsullardan biridir. Daha çox qapaq, vinir, zirkon dediyimiz üsulla estetik görünüşün bərpasına tələbat artıb. İstənilən halda həkim olaraq biz müraciət edən insanlara sağlam dişlərin zədələnməməsi yolu ilə müalicənin aparılmasını tövsiyə edirik. Prosedur zamanı da daim bunu nəzərə alırıq.
Rəna Hənifəyeva: Əlavə etmək istəyirəm ki, eyni zamanda implant dişlərə də son dövrlərdə tələbat artıb. Halbuki ilk illərdə implant dişlərdən qorxurdular. Təəssüf ki, ehtiyac olmadığı təqdirdə də implant əməliyyatları edənlər çoxdur. Lakin bu, adi proses deyil, cərrahiyyə əməliyyatıdır. İmplant əməliyyatı aparmazdan əvvəl diş ətində, implant yerləşdiriləcək çənədə sümüyün qalınlığına diqqət yetirmək lazımdır. Analiz verilməsi ən mühüm şərtlərdən biridir. Həkimlər bu məqamlara diqqət yetirməlidirlər.
- Siz öz peşənizdən söz açanda sadəcə stomatologiya deyil, ümumi stomatologiya sözünü qeyd etdiniz. Bu iki söz arasında fərq nədir?
- Biz ümumi stomatologiya ilə məşğul oluruq, hansı ki, özündə, ortopediyanı, terapevtik istiqaməti, ambulator cərrahiyyəni, implantologiyanı, ortodontiyanı birləşdirir.
- Yeri gəlmişkən, implant haqqında danışaq. İmplant dişləri hər kəsə qoymaq olmaz?
Rüfət Hənifəyev: Əksər pasiyent təbəqəsinə implantasiya əməliyyatı üçün göstərişlər var. Lakin mütləq və nisbətən əks göstəricilər də mövcuddur.
Elə qrup insanlar var ki, bu, onlara ziyandır. Məsələn, əgər bir şəxsin idarə oluna bilməyən şəkər xəstəliyi, qan xəstəlikləri, Bexterev sindromu, onkoloji xəstəliyi varsa, bu cür xəstələrdə implantın düzgün sağalma ehtimalı azalır. İstənilən halda bütün xəstələrə münasibət individualdır.
Rəna Hənifəyeva: Eyni zamanda, hələ yaşla bağlı məhdudiyyətlər də var. Çünki 18 yaşa qədər insanın diş-çənə aparatı fəal şəkildə inkişaf edir və böyüyür. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, diş implantlarının quraşdırılması əməliyyatı 18 yaşdan sonra tövsiyə olunur.
- Biz bilirik ki, siz genişmiqyaslı seminarlarda iştirak etmisiniz. Gələcəkdə müasir stomatologiya sahəsində hansı yeniliklərin ölkəmizdə tətbiq edilməsini istərdiniz?
Rəna Hənifəyeva: İştirak etdiyimiz seminarlarda müasir metodikanı öyrənirik. Hər il yeni üsullar meydana çıxır. Maksimum çalışırıq ki, bütün prosedurları tez, ağrısız və yüksək keyfiyyətlə icra edək. Düşünürəm ki, biz bunu bacarırıq.
Rüfət Hənifəyev: Gələcək planlarımızın içərisində ən müasir stomatoloji avadanlıqların klinikamıza gətirilməsi də var. Düzdür, bunlar, çox bahalı aparatlardır. Lakin artıq dünya rəqəmsal texnologiyalara keçir. Bu, istənilən sahədə özünü büruzə verir. Eləcə də stomatologiya sahəsində. Düşünürəm ki, yaxın 2-3 il ərzində həmin avadanlıqları əldə edə biləcəyik.
- Çox maraqlıdır ki, hər ikiniz eyni ixtisas sahibisiniz. Çətin deyil? Aranızda heç fikir ayrılığı olub?
Rüfət Hənifəyev: Rəna xanım 1981-ci ildə Tbilisi, mən isə 1981-ci ildə Bakıda anadan olmuşuq. Hər ikimiz həkim ailəsində dünyaya gəlmişik. Bəlkə də bu özü də gələcəkdə ixtisas seçimində bizə təsir göstərən amillərdən biri olub. Tələbəlik dövründən taleyimiz birləşib. Bir oxumuşuq, daha sonra ailə qurmuşuq. İndi də birlikdə çalışırıq.
Maksimum öz üzərimizdə işləyib, müasir stomatologiyanın tələblərinə uyğun metodları öyrənməyə çalışmışıq. Almaniyada, Türkiyədə, İsraildə keçirilən beynəlxalq stomatoloji konfranslarda iştirak etmişik.
Rəna xanım daha çox ortodontiya, yəni diş sıralanmasının pozulmasının müalicəsi ilə məşğul olur. Cərrahi prosedurların böyük əksəriyyətini isə mən icra edirəm. Biz hər zaman bir-birimizə dəstək olmuşuq. Bu, belə də davam edir. Pasiyentlərimiz də bizə etimad göstərir. İnsan sağlamlığı və bundan irəli gələn düzgün istiqamət hər şeydən önəmlidir. Əsas odur ki, doğru zamanda, peşəkar mütəxəssisə müraciət olunsun.
- Bu gün ağız boşluğunda ən çox yayılan xəstəliklər hansılardır?
Rüfət Hənifəyev: Ən çox müşahidə etdiyimiz diş tacının zədələnməsi ilə nəticələnən xəstəliklərdir. Kariyes və qeyri karioz xəstəliklər kimi. Diş xəstəliklərinin demək olar ki, böyük əksəriyyətinin ilkin mərhələsi kariyeslə başlayır. Bu, dişin tərkibində olan mineral maddələrin əriməsi ilə nəticələnir. Dişin bərk hissələri dağılır və boşluq yaranır. Kariyes əsasən ağız boşluğunda bəzi bölgələrin yaxşı təmizlənməməsi nəticəsində əmələ gəlir.
Yox, əgər artıq sizin dişlərinizdə kariyes problemi yaranıbsa, onda mütləq şəkildə həkim stomatoloqa müraciət etməlisiniz. Kariyes inkişaf edərək sinir toxumalarına təsir edir. Sinir zədələnəndən sonra dişin kökündə iltihab prosesi əmələ gəlir.
Rəna Hənifəyeva: Xəstəliklər arasında ən çox rast gəldiyimiz damaq xəstəliklərini də vurğulamaq istərdim. Dişləri fırçalayan zaman diş əti qanayır. Bəzən insanlar buna diqqət yetirmir və həkimə müraciət etmirlər. Bu isə çox ciddi damaq xəstəliklərinin ilkin simptomlarıdır. Yaxşı olardı ki, insanlar həkimə müraciət etməkdən çəkinməsinlər. Qanama varsa, bu gələcəkdə sümükdə ciddi problemlər yarada bilər. Həmin problemlər isə sağlam dişlərin itirilməsi ilə nəticələnir. Qanamanın digər səbəbi isə diş fırçalarının düzgün seçilməməsidir və fırçalama zamanı hərəkətlərin düzgün olmamasıdır.
- Belə bir fikir formalaşıb ki, insanlar hepatitdən qorxduğu üçün stomatoloqlara müraciət etməkdən çəkinirlər. Bu, doğrudur?
Rüfət Hənifəyev: Bilirsiniz, bu, bütün həkimləri narahat edən məsələlərdən biridir. İnsanlar diqqətli olmalıdırlar. Amma gərək evdə, həyətdə, antisanitar şəraitdə olan kabinetlərdə xidmət göstərən həkimlərə müraciət edilməsin. Bu, risklidir və xoşagəlməz nəticələrə səbəb ola bilər. Ümumiyyətlə, bəzən texniklərin stomatoloq kimi fəaliyyət göstərdiklərini, ciddi prosedurların məsuliyyətini öz üzərlərinə götürdüklərini eşidirik. Təəssüf ki, bu pasiyentlərin problemlə qarşılaşmasına səbəb olur. Bu kimi məqamlardan maksimum qorunmaq lazımdır.
Rəna Hənifəyeva: Bu gün diş həkiminə böyüklər ilə yanaşı, uşaqlar da müraciət edirlər. Bunun da səbəbi azyaşlıların normadan artıq şirniyyat qəbul etməsidir. Valideynlər bəzən qorxur, həkimə müraciət etmirlər. Bəzən də qeyri-peşəkar həkimlərə müraciət edildiyi üçün uşaqların dişləri vaxtından əvvəl çəkilir. Bu, düzgün deyil. Hər süd dişi çəkilməməlidir. Beş-altı yaşında uşaqların dişləri çəkilməməlidir. Bir pasiyentim məndən əvvəl müraciət etdiyi həkimdə uşağın altıncı dişini çəkdirib. O zənn edib ki, bu, süd dişidir. Bəs həkim? Bu kimi məqamlarda pasiyentlərə düzgün məsləhət vermək çox önəmlidir. Çünki vaxtsız çəkilən bir diş belə ağızda dişlərin düzgün, səliqəli quruluşunu poza bilər. Nəticə olaraq gələcəkdə uşaqlarda ortodontik problemlər müşahidə oluna bilər.

- Sonda, gələcək pasiyentlərinizə nə məsləhət verərdiniz. Dişlərə necə qulluq etmək lazımdır ki, xəstəlik yaranmasın?
Rüfət Hənifəyev: Bu gün dişlərə düzgün qulluq olunmur. Adi diş fırçasından düzgün istifadə edilmədikdə dişlər, diş əti zədələnə bilər. Dişlərə elə qulluq etmək lazımdır ki, onlar sizə ömrünüzün sonuna kimi müntəzəm xidmət etsin. Əgər yenə də problem yaranarsa, o zaman bizə müraciət etsinlər. Böyük məmnuniyyətlə, kömək edəcəyik.
Facebook: https://m.facebook.com/hanifayevs/