Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paytaxtda ağacların soyqırımı üçün fərqli üsul - VİDEO
Paytaxtda daha bir ağac yandırılması ilə bağlı fakt aşkarlanıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Xətai rayonu, Babək prospekti, 78 ünvanında yaşayan sakinlərin dediyinə görə, əvvəllər bu ərazi kol və zibil tullantıları ilə dolu olub.
Binada yaşayanlar 29 saylı mənzil-kommunal istismar sahəsinə müraciət ediblər ki, zibillik təmizlənsin və yerində bağ salınsın. Qurum işçiləri də elə bu məqsədlə bağdakı qeyri-qanuni tikililəri söküblər. Yığılan tullantıların bir qismi yük maşınları ilə ərazidən uzaqlaşdırılıb. Ancaq sonra nədənsə, tullantı və ağac yarpaqlarının qalan hissəsi yandırılıb. Sakinlər iddia edir ki, bu işi mənzil-kommunal istismar sahəsinin işçiləri törədib.
Şikayətçilər deyir ki, zibilləri gətirib ağacların altına yığıb sonra da yandırırlar və nəticədə ağaclar da zərər görür. Bu səbəbdən də onlarda elə təsəvvür yaranır ki, ağacları əvvəl qurudub sonra kəsəcəklər. Çünki bu zaman onları kəsməyə səbəb yaranır.
Şikayətçilərin digər narahatlığı kimlərinsə, yandırılmış ərazidə bina tikmək istəməsidir. Çünki sakinlər bir neçə dəfə ölçmə işlərinin aparıldığını görüblər.
Məsələ ilə əlaqədar 29 saylı mənzil-kommunal istismar sahəsinə yollandıq, ancaq rəisin sahədə olduğu bildirildi. Növbəti ünvanımız Xətai Rayon İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfat birliyi oldu. Qurumun baş mühəndisi bildirdi ki, sözügedən ünvanda bağ salınması məqsədilə söküntü işləri aparılır. Ancaq neqativ hallar baş verirsə, bu, yolverilməzdir.
Baş mühəndis onu da dedi ki, ərazidə heç bir yaşayış obyekti tikilməyəcək. Deyilən sözlərə inansaq, deməli sentyabr və ya oktyabr ayında bağda təmir-tikinti işləri bitəcək və sakinlərin istifadəsinə veriləcək.
Rəylər