Bakıda Şəhid İsmayıl Kərimlinin adını daşıyan küçə baxımsız vəziyyətdədir.
Sakinlərin Baku TV-yə sözlərinə görə, təxminən 450 metr uzunluğunda olan yol illərdir təmir olunmur, xüsusilə yağışlı havalarda küçədə hərəkət etmək çətinləşir.
Onların bildirdiyinə görə, qış aylarında və yağışdan sonra yolda iri çalalar və gölməçələr yaranır.
Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətinə ciddi mane olur.
Sakinlər deyirlər ki, bəzi hallarda maşınlar yoldan keçərkən zədələnir, insanlar isə evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər.
Küçədə əsas problemlərdən biri də işıqlandırmanın olmamasıdır.
Vətəndaşlar qeyd ediblər ki, axşam saatlarında yol tam qaranlıq olur və hərəkət etmək təhlükəli hal alır.