Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ
Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb.
“Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir.
DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt ŞPİ-nin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri-qənaətbəxşdir.
Məlumatda qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
İlhamə Əbülfət
Rəylər