“Bu sahəyə marağım uşaq yaşlarımdan olub. Bunu özümə peşə kimi seçməyə isə uzun illər öncə pirsinq etdirmək istəyərkən usta tapmadığım anda qərar verdim. O zaman qərara aldım ki, Bakıda da bu sahə inkişaf etməlidir. Artıq 2013-cü ildən bu sahə ilə məşğulam”.
Oxu.Az hər kəsin “Pirsinq Aysel” kimi tanıdığı 33 yaşlı pirsinq ustası Aysel Məmmədova ilə maraqlı müsahibəni təqdim edir:
- Bu sahəni harada öyrəndiniz? Məlum məsələdir ki, ölkədə geniş yayılmamışdı.
- Qarşıma məqsəd qoyaraq 2011-2012-ci illərdə başladım sahəni öyrənməyə. Öncə Bakıda, daha sonra Rusiyada tibb təhsili aldım. Rəfiqələrim, ailəm mənə dəstək oldu ki, həvəsin varsa, ardınca get. Yeni başlayarkən rəfiqələr vasitəsilə, daha sonra sosial şəbəkə üzərindən pirsinqi reklam etməyə başladıq. Bu sahədə peşəkar olmaq üçün bütün sahələr kimi bunun da təhsilini almalısan. Araşdırma apardım və sahə üzrə yeganə akademiyanın Rusiyanın Sankt-Peterburq şəhərində olduğunu öyrəndim. Təhsil müddəti 6 ay idi. Nəhayət akademiyanı diplomla bitirdim, fəaliyyət üçün sertifikatımı aldım. Özümü təkmilləşdirmək üçün daim beynəlxalq konfranslara qoşuluram.
- Azərbaycanda həm tatu, həm də pirsinqə münasibət bir qədər başqadır. Ümumilikdə bu stereotipləri qırmaq, sahəni inkişaf etdirmək çətin olmadı?
- Xeyr, deməzdim ki, çətin oldu. Hər sahənin öz adamları olur, bu, ruhən özünü büruzə verir. İnanın ki, məni də məhz mənim ruhumda olan insanlar tapırdı. Heç bir problem yaşamadım. Qınaq təbii ki oldu, lakin çox az sayda olduğundan fəaliyyətimizə ciddi mane kimi qiymətləndirmək olmaz.
Bütün hallarda mən bu yola başlayanda maneələri, qarşılaşa biləcəyim çətinlikləri göz önündə saxlamışdım.
- Müraciət edənlər daha çox hansı yaş ortalamasındadır?
- Müştərilərimiz var ki, anaları ilə gəlirlər. Elə müştərilər var ki, nənə nəvəsi ilə gəlir, gəlin qayınanası ilə gəlir. İnanın ki, hər ikisi də pirsinq etdirirlər. Bu, mənə o qədər xoş gəlir ki... Gözəl, kübar, eleqant görünən pirsinqlər var. Pirsinq dedikdə yalnız göbək dəliyi, buruna, qaşa taxılan pirsinqləri düşünmək lazım deyil. Daha çox xanımlara xidmət edirik.
Gənclər daha çox ekstremal pirsinqlərə - qulaqda fərqli yerlərə, burun dəliklərinə, dodaq kənarına, qaş və s. üstünlük verirlər. Lakin 30-40 yaşlı şəxslər daha çox müraciət edir. Onu da qeyd edim ki, 18 yaşı tamam olmayan şəxslərə prosedur həyata keçirilmir.
- Bəs xanımların ərləri necə, bu məsələ ilə bağlı narazılıq edirmi? Peşman olub geri qayıdanlar olub?
- Xeyr, heç elə bir durum olmayıb. Əksinə kişilər çox vaxt istəmir. Lakin xanımlar pirsinq edib evə getdiklərində görünən görüntü həyat yoldaşlarına çox xoş gəlir və sevinirlər ki, nə yaxşı arvadları sözlərinə baxmayıb (gülür). Amma hər yaşda xanımlar müraciət edirlər. Hətta ibadət edən, hicablı xanımlar da pirsinq üçün gəliblər.
- Pirsinqdən sonrakı qulluq qaydaları necədir?
- Prosedurdan sonra müştəriyə, ümumiyyətlə iki ay sırğanı oynatmamaq tapşırılır. Gündə iki dəfə məhlulla kompres olunur. Bölgədən asılı olaraq üç gün üstübağlı saxlanılır. Əsas odur ki, travma almasın. Pirsinq olunan qulağın üzərində qətiyyən yatmaq olmaz. Saç ilişməməlidir. Bir aydan sonra müayinə mütləqdir. Birinci ay şişkinlik olduğu üçün uzun sırğalar taxılır, ikinci ay isə sırğalar dəyişir. Burada iş təkcə ustadan asılı deyil. Müştəri də məsuliyyətli olmalıdır.
Qulaq nahiyəsində yerindən asılı olaraq 2-6 ay, göbək nahiyəsində 12 aya qədər sağalma müddəti olur. Bu, o demək deyil ki, 12 ay qulluq edəcək, xeyr. Sadəcə hərəkətli nahiyələr olduğu üçün gərək müştəri bunu nəzərə alsın. Eyni zamanda, çəkili xanımların göbək nahiyəsinə pirsinq etmirik, dəridə cırılma ola bilər.
- Pirsinqin özünəməxsus qanunları varmı?
- Xeyr, elə xüsusi bir qaydalar yoxdur.
- Pirsinq üçün riskli nahiyələr hansılardır?
- Riskli nahiyələr sinirlər olan hissələrdir. Biz çalışırıq ki, həmin nahiyələrə pirsinq etməyək. Məsələn, qaş nahiyəsidir, qəmzələrdir, burnun üzəridir və s. Bu hissələrə qətiyyən pirsinq tövsiyə etmirik. Yerində çapıq qalır, qaş isə yavaş-yavaş aşağı düşür.
Barmaq üstünə pirsinq etmək olmaz, çünki əl nahiyəsi çox ilişən yerdir.
- Bayaq dediniz ki, pirsinq etdirən şəxs gigiyena qaydalarına ciddi riayət etməlidir. Ağız boşluğunda da kifayət qədər mikroblar var. Dilin üzərinə pirsinq etmək necə, doğrudurmu?
- Əksinə dil nahiyəsində pirsinq daha tez sağalır. Təbii ki, ilk bir həftə ərzində diyetik qidalar yemək lazımdır. Daha çox sulu yeməklərə üstünlük verilməlidir. Ümumilikdə, prosesdən sonra pirsinq yeri 7-10 gün ərzində sağalır. Məsələn, qulaqda pirsinq yerindən asılı olaraq 1-6 ay ərzində sağalır.
- Bəs bədənin daha qapalı, bir az da dəqiq desək, intim nöqtələrinə pirsinq istəyənlər olubmu?
- Xanımlar arasında bəli, istəyənlər olur. Tibbi cəhətdən bəzən ziyanlı olduğu düşünülür, amma tam əksinə bunun heç bir ziyanı yoxdur. Kişilər üçün ümumiyyətlə qiymətlər çox yüksək təyin olunub. Məqsəd odur ki, müraciət etməsinlər.
- Döşün ucuna pirsinq etmək süd vəzilərinin zədələnməsinə səbəb olmurmu?
- Əslində, doğrudur, süd vəziləri zədələnir. Amma hamısı zədələnmir. Gələcəkdə ana olan zaman pirsinq çıxarıb uşağa süd verə bilər. Lakin süd vəzisində bir dəfə pirsinq etdirənlərə ikinci dəfə pirsinq etmək olmaz. Digər süd vəziləri də zədələnə bilər. Üstəlik biz müraciət edən şəxsin autoimmun xəstəlikləri, hamiləlik dövrü və s. barədə həkim rəyi aldıqdan sonra pirsinq edirik.
- Pirsinq yeri tez bitişir, yoxsa necə?
- Baxır pirsinq prosesindən sonra nə qədər qalması. Yəni, 2-4 il çıxartmadan saxlamısınızsa, onun yeri bitişməyəcək, xırda belə olsa yeri qalacaq. Amma bir ildən tez çıxarsanız, onun yeri bitişir.
- Bəs çapıq qalacaq?
- Bu, dəridən, onun teksturasından asılıdır. Öncədən bunu demək mümkün olmur. Əgər müştərinin bədənində hər hansı əməliyyat yeri varsa, ona baxırıq. Yeri çapıq formasında qalıbsa, deməli o insanın dərisi iz saxlayır.
- Kimlərə pirsinq etmək qadağandır?
- Mən düşünmürəm ki, kimsə öz-özünə ziyanlı bir şey istəsin. Ona görə hər kəsdən sağlamlıq haqqında arayış istəmirik. Önəmli olan odur ki, şəxsin immun sistemi qaydasında olsun, təzyiq düşməsin. Çünki pirsinq orqanizmə yükdür. Yüksək dərəcədə şəkər xəstəliyi, onkoloji xəstəlikləri olan şəxslərə pirsinq olmaz. Bu kimi məqamlar pirsinqin sağalmasına da mənfi təsir edir.
- Pirsinqlər allergik reaksiya verə bilər?
- Xeyr, çünki titandır. Titanlar stomatologiyada da istifadə edilir. Eyni zamanda qızıllarımız var, “handmade” hazırlanır. Onun tərkibindən insana allergik təsir edəcək nikel çıxarılır.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər