Kubra Məhərrəmova yazır...
Bu gün Azərbaycan polisinin düz 107 yaşı tamam olur. Suveren, müstəqil Azərbaycanımızın atributlarını üzərində daşıyan polisimiz 107 yaşını qeyd edir.
Yadıma sovet atributlarını daşıyan rus milisləri düşdü. Uşaqlara onları "Дядя Стёпа - милиционер" obrazı kimi təqdim edirdilər. Şeiri, mahnısı, hətta cizgi filmi də var idi. Əsas məqsəd o idi ki, sovet uşaqları milisi dost, yardım edən, qanun keşiyində dayanan və ədalətli biri kimi tanısınlar. Sovet buna nə qədər nail olmuşdu deyə bilmərəm. Amma indi növbə bizdədir. Biz öz uşaqlarımıza milli polisimizi necə tanıdırıq?
Təəssüflər olsun ki, uşaqlarımızı hələ südəmər vaxtından polislə qorxuduruq.
Polis əmini analarımız cəza verən, aparan, asan-kəsən bir obraza salıblar.
Hələ ataların dediklərini yazmıram...

Bununla da, gələcəyin vətəndaşını evin içində polislə qorxuduruq. Adam da böyüyür, düşünür ki, elə polisdən qorxmaq lazımdır.
Gələcəkdə polislə vətəndaş arasındakı divarı götürmək üçün onu cəza aləti kimi deyil, yardım göstərən, köməyə çatan, müdafiə edən, ədalət gətirən kimi tanıtmalıyıq və tanımalıyıq. İlk növbədə bu münasibəti dəyişdirməliyik. Uşaqlara polisə nə üçün ehtiyacımız olduğunu, onlardan qorxmaq yox, onlara etibar etməyin vacibliyini öyrətməliyik.
Bu məsələnin mənəvi-tərbiyəvi tərəfi.
İndi gəlin bu günün polisinə nəzər yetirək.
Polis sıralarında cavanların sayının artması gözəçarpan dərəcədə çoxalıb. Hamısı da, boylu-buxunlu, fiziki cəhətdən sağlam uşaqlardır. Bu gün polis sistemində yeni nəfəs, yeni nəsil və yeni yanaşma gözə dəyir. Artıq forma ilə bərabər düşüncə də dəyişir.
Yeri gəlmişkən, xanım polislərimizin sayı da artıb. Allah tərəfi deməliyik ki, qızlarımıza da polis forması çox yaraşır. Onları şəhərdə xidmət apararkən görmək adama ayrı bir zövq verir.
Yadıma gəlir, Gürcüstanda olanda onların polisinə həsəd aparırdıq. İndi bizimkilər onlardan heç də geri qalmır, əksinə, onları üstələyir.
Həm də ona görə üstələyir ki, bizim polis I Qarabağ müharibəsində də vuruşdu, şəhidlər verdi. II Qarabağ savaşında da can qoydu. Artıq beş ildir ki, Azərbaycan polisi Qarabağda yolsuz, susuz, işğalçı ermənilər tərəfindən dağıdılmış ərazilərdə xidmət aparır. Bu beş ildə Qarabağ nə qədər yenidən qurulsa da, çöllük-düzənlik yerləri çoxdur. Hələ nə qədər minadan təmizlənməmiş ərazilər var ki, orada xidmət aparan hərbçilər, polislər üçün real təhlükədir.
Bu gün polis strukturlarında yaxşı tərəfə dəyişiklik hökm sürür. Hiss olunur ki, milli polis köhnəlmiş, mənfi obrazlardan qurtulur, neqativlə əlaqəli olan bütün xətləri kəsib atır.
Təbii ki, bu işlər zaman alacaq. Həm onlardan, həm də bizdən.
Amma biz də bu daşın altına əl qoya bilərik.
Günün altında xidmət çəkən gənc polisə sadəcə bir salam və təşəkkür edə bilərik. Bir ana kimi, "Allah səni qorusun a bala", deyə bilərik.
Aramızdakı özümüzün yaratdığı divarı sökə bilərik. "Sənin borcundur, görməlisən, hökumət sənə buna görə maaş verir" mövqeyindən çıxıb da, biz eyni şeyə xidmət edirik deyə bilərik.
Yağış yağır, baxırsan polis işləyir, yanğın olur polis adam çıxarır, qar yağır yola duz səpir. Yəni yalnız öz işlərini görməklə bitmir xidmətləri, başqalarına da köməyə yetişirlər.
Əgər ki, ev yananda, su basanda, oğru gələndə polis köməyə qaçırsa, deməli bu polis bizim bir parçamızdır. Ağlayanda, döyüləndə-söyüləndə polisə qaçırıqsa, deməli polis bizim özümüzünküdür.
Polis təkcə uniforma geyinən, silahı olan adam deyil.
Polis bayram-seyran bilməyən, ailəsini-uşağını az görən, çətin və ağır rejimdə çalışan biridir. Əsəbi olsa da, dərdi olsa da, o xidmət zamanı təmkinli və sakit olmalıdır. Hamımıza səhv etmək imkanı verilsə də, onlara bu yasaqdır. Düşünürəm ki, cəmiyyət olaraq bu empatiya hissini yarada bilsək, çox böyük nailiyyət əldə etmiş olarıq.
Bu arada polis akademiyasında təhsil alan balaları da təbrik etmək istəyirəm. Arzu edirəm ki, bu balaların taleyinə heç bir müharibə, heç bir döyüş yazılmasın, yaşanmasın. Elə boy-buxunlu, qəşəng polis formaları ilə ölkəmizdə əmin-amanlıqda xidmət etsinlər. Uzağı tədbirlərdə nizam-intizam yaratsınlar. Onların böyük qardaşları olmazın zülmünü, döyüşünü, dəhşətini yaşayıb.
Daxili İşlər Nazirliyində çalışan hər kəsi milli polisimizin var olduğu gün münasibətilə təbrik edir, sağlam və güclü olmalarını arzu edirəm. Əliniz hər zaman tətikdə olsun, amma çəkməyə ehtiyac qalmasın.
Bir də unutmayaq ki, formanın içində də insan var. O da qorxur, o da sevir, o da yorulur. Bəlkə, bu 2 iyulda biz polisə sadəcə "təbrik edirəm" yox, bir az da "sənin necə çətin iş gördüyünü başa düşürəm" deməyi sınayaq.