Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qadın Krizis Mərkəzi: Facebook-da manyaklar çoxalıb
Sosial şəbəkələrin fəaliyyətindən yararlanan kriminal qruplar qadınları bu vasitə ilə insan alverinə cəlb etməyə çalışırlar.
Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib.
O bildirib ki, bu ilin əvvəlindən indiyədək 30-dan çox qadın mərkəzə bununla bağlı müraciət edib.
“Araşdırmalar sübut edir ki, virtual dostluqdan daha çox qadınlar ziyan çəkirlər. Bəziləri hətta qadın adı ilə profil yaratmaqla xanımlarla daha asan şəkildə tanış ola bilirlər. Onlar əvvəlcə qadınların yazdıqları statuslara münasibət bildirirlər, xoş sözlərlə etibar qazanırlar. Sonra isə real həyatda görüşməyə çağırırlar” - deyə M.Əzizova bildirib.
Mərkəz rəhbəri sosial şəbəkədə tanışlığın sonunda zorlama və zorlanmaya cəhd faktlarının artdığından danışıb:
“Müraciət edənlərin əksəriyyəti qadınla tanış olacağını düşünüb, lakin görüşə oğlan gəlib. Qadınlar arasında iş adı ilə fahişəliyə cəlb edilmə təklifi alanlar da var”.
Hüquq müdafiəçisi tanımadığı insanlardan mesaj alan xanımları diqqətli olmağa çağırıb:
“Bir çoxları hələ də “qadın sosial şəbəkədədirsə, deməli, azaddır” kimi düşüncə ilə davranır. Buna görə də xoş mesajlarla qadınları cəlb edirlər. Sonra isə qadının yazdığı ilıq mesajlardan şantaj vasitəsi kimi istifadə edilir. Ailəsinin, yaxınlarının və ya cəmiyyətin münasibətindən qorxan qadınlar isə belə fırıldaqçıların toruna özləri də istəmədən çox asanlıqla düşürlər”.
Qeyd edək ki, son günlər sosial şəbəkədə cinsi azlıqların nümayəndələri də fəallaşıblar. Onlar həmcinslərinə intim münasibətə dair mesajlar göndərirlər.