Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Coşqun Məhərrəmovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Coşqun Məhərrəmov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il iyunun 30-da, saat 23 radələrində Qax rayonu, Qaşqaçay kəndində qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Coşqun Məhərrəmov mərhum atasına məxsus evin yataq otağında qardaşı, zərərçəkmiş Cəbrayıl Məhərrəmovla (adı və soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb isə elə mərhum atasına məxsus evə görə olub. Bu zaman o, əsəbiləşərək əlində olan armaturla qardaşının sol qabırğa və sol çiyin nahiyələrindən qəsdən vurub. Zərbələrin təsirindən Cəbrayıl yerə yıxılıb. Sonra Coşqun yerdə qardaşının bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda təpiklə zərbə vurub, əli ilə boğazdan tutub sıxaraq, onun sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirib.
Hadisədən sonra Coşqun Məhərrəmov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.