Gecə saatlarından etibarən Bakı şəhər və Yasamal rayonunun kommunal strukturları, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışıblar.
Oxu.Az xəbər verir ki, Yasamal rayonu ərazisinə digər yerlərə nisbətən daha çox qar yağması ilə əlaqədar səhər saatlarına kimi kommunal xidmətlərin əməkdaşları yüksək təşkilatçılıqla yağan qarın küçə, prospekt və səkilərdən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini həyata keçiriblər.
Xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bununla əlaqədar ərazidə texniki duz toplanan məntəqə yaradılıb.
Gün ərzində hər iki qurumun məsul nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.
Hazırda qarın intensiv yağması ilə əlaqədar işlər sürətləndirilib, qardan təmizləmə işləri rayonun mərkəzi küçələri ilə yanaşı məhəllədaxili ərazi və iri yaşayış massivlərində də aparılır.