Vətən müharibəsinin qazisi əlillik pensiyasının dayandırıldığından şikayətçi olub.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində xüsusi döyüş əməliyyatlarında iştirak edən Məhəmməd Qurban oğlu Cəfərzadə bildirib ki, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlər zamanı yaralanıb və beş il II qrup əlillik statusu ilə pensiya alıb.
"Bu ilin aprel ayından etibarən əlillik pensiyamın ödənişi dayandırılıb. Səbəbi barədə isə mənə hər hansı rəsmi məlumat verilməyib. İyunun 8-də əyani tibbi müayinədən keçmişəm. İyunun 22-də isə mənə imtina qərarı verildiyini öyrənmişəm. Heç kim mənə zəng edib məlumat verməyib. Özüm araşdıranda xəbər tutmuşam. Ağır xəstə olmağıma baxmayaraq, mənə imtina verilib", - deyə şikayətçi bildirib.
O, pensiyasının dayandırılması səbəbindən müalicəsini davam etdirə bilmədiyini qeyd edib:
"Dərmanlarımı ala bilmirəm. Evdə iki azyaşlı övladım var. Adıma 10 min manat kredit borcu var. Pensiya aldığım vaxt həmin kreditləri də ödəyirdim. Artıq üç aydır ödənişlər gecikir, bankdan davamlı zənglər və xəbərdarlıqlar edilir. Həyat yoldaşım da mənə qulluq etdiyi üçün işləyə bilmir. Pensiyadan başqa gəlirimiz yoxdur".
Oxu.Az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Abşeron sakini 1998-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Cəfərzadə əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "forma-88" göndərişi əsasında 2026-cı il mayın 26-da agentlikdə əyani müayinə edilib:

"Səhiyyə Nazirliyinin və agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunub".