Bu gün 2014-2015-ci tədris ili üçün əvvəlki illərin məzunları II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində baş tutub. İmtahanda 18298 abituriyent iştirak edib. Onlardan 7896 abituriyent II qrup üzrə, 10402 abituriyent isə III qrup üzrə imtahan verib. İmtahanda iştirak edən ən yaşlı abituriyentin 43 yaşı olub. Həmçinin imtahanlarda 60 xarici ölkə vətəndaşı da iştirak edib.
Respublikanın 11 şəhərində keçirilən imtahan səhər saat 11-də başladı. Bu müddət ərzində imtahan keçrilən binaların qarşısında əsl həyəcan yaşanırdı. Valideynlər imtahanın nə vaxt başa çatacağını səbirsizliklə gözləyirdilər.
Ara-sıra imtahan zalından xəbərlər də gəlirdi. Məsələn, 158 saylı məktəbin qarşısında növbə çəkən təcili tibbi yardım briqadasına müraciət edənlərin sayı da az deyildi. Təcili tibbi yardım xidmətinin həkimi Nigar Mustafayevanın sözlərinə görə, 3 nəfərin təzyiq yüksək idi:
“Görünür, çox həyəcanlanıbılar. Onlara lazımi tibbi yardım göstərmişik”.