Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ürək qüsuru ilə doğulan körpənin müalicə xərclərini tam qarşılayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ürək qüsuru ilə doğulan körpənin müalicə xərclərini tam qarşılayıb.
Bir müddət əvvəl Media.Az saytında qız övladı ürək qüsuru ilə doğulan Bakı şəhər sakini İradə Kərimovanın müraciəti dərc edilmişdi.
Sentyabrın 9-da doğulan Leyla artıq çətin ürək əməliyyatı keçirib və xoşbəxtlikdən əməliyyat uğurla başa çatıb.
Körpə doğulduğu tarixdən etibarən Bakı şəhərində yerləşən özəl klinikalardan birinin reanimasiya şöbəsindədir. Hazırda körpə həkimlərin ciddi nəzarəti altındadır. O, iki həftə ərzində reabilitasiya prosesini keçməlidir.
Valideynləri körpənin reabilitasiya xərclərini sonadək qarşılaya bilməyiblər, lakin müalicə prosesinə qoşulan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) bütün xərcləri qarşılayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən Media.Az-a verilən məlumata görə, yeni doğulmuş körpələrdə aorta qövsünün bərpası və mədəciklər aralığının qüsurunun bağlanması əməliyyatları, habelə onların sonradan reanimasiyada bərpa prosesi icbari tibbi sığorta hesabına həyata keçirilir.
"Burada qeyd etmək lazımdır ki, əməliyyatdan sonra xəstənin reanimasiyada qalma müddəti həkimin göstərişinə uyğun olaraq tənzimlənir. Bütün bu müddət ərzində xəstənin müalicə xərcləri icbari tibbi yardım icbari tibbi sığorta hesabına qarşılanır. Vətəndaşlardan icbari tibbi sığorta üzrə göstərilən xidmətlərlə bağlı suallar yaranarsa, 15 42 telefon nömrəsi ilə əlaqə saxlamaları tövsiyə olunur", - deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Bakı sakini İradə Kərimova yardım üçün Media.Az redaksiyasına müraciət edib. Onun qızı ürək qüsuru ilə doğulub. Balaca Leyla cəmi 12 günlük olsa da, artıq o, uğurlu mürəkkəb ürək əməliyyatı keçirib. Doğulduğu andan indiyə qədər körpə paytaxtın özəl klinikalarından birinin reanimasiya şöbəsindədir. Hazırda qızı iki həftə ərzində həkimlərin ciddi nəzarəti altında reabilitasiya və bərpa prosesi gözləyir.
Uşağın anasının sözlərinə görə, əməliyyat icbari tibbi sığorta (İTS) çərçivəsində aparılıb. Xidmət paketi, həmçinin klinikada 10 günlük müalicəni əhatə edib ki, bu da sentyabrın 22-də başa çatır. Lakin qızının klinikada daha çox qalması təyin edilən dərmanlardan asılı olaraq gündə 600-800 manat təşkil edəcək. Bunun üçün beş min manata qədər depozit qoymaq lazımdır.
Problem ondadır ki, yeni doğulmuş körpənin ailəsi belə maliyyə vəsaitinə malik deyil, ona görə də dəstək istəməyə məcbur olub.
İradə xanım redaksiyaya bildirib ki, Leylanın doğumundan dörd gün sonra əməliyyat aparılıb:
"Körpənin, hətta bir dənə də şəkli yoxdur, çünki həyatının ilk dəqiqələrindən reanimasiyadadır, orada telefondan istifadəyə icazə verilmir. Doğuşdan sonra onu mənə heç göstərmədilər. Həkimlər deyirlər ki, hazırda narahatlıq üçün səbəb yoxdur. Sabah qızımı süni tənəffüs aparatından ayıracaqlar və o, müstəqil nəfəs ala biləcək. Lakin indi hər şey pula bağlıdır, çünki biz sonrakı müalicəni ödəyə bilmirik. Xahiş edirəm, bu çətin yolu sona qədər getməyimizə kömək edəsiniz".
Redaksiyamız hər kəsi ailənin probleminə həssaslıqla yanaşmağa və imkan daxilində yeni doğulmuş Leylaya kömək etməyə çağırır.
Əlaqə nömrəsi: +994 51 520 89 65.
Bank kartı nömrəsi (Kapital bank): 4169 7388 2413 8865.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
Rəylər