Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qubada ayılar kəndə hücum edib
Son iki ay ərzində Quba rayonunun Gümürdəhnə kəndi sakinləri yırtıcı heyvanların, xüsusilə də ayıların hücumuna məruz qalır.
Bu barədə Baku.ws məlumat yayıb.
Kənd sakininin sözlərinə görə, ayılar kəndə hücum edərək mal-qara və digər təsərrüfat heyvanlarına ciddi ziyan vururlar:
"Hazırda kənddə 46 ev var və demək olar ki, hər ailənin təxminən 10 baş heyvanı var. Lakin hər gün 1-3 heyvan yırtıcılar tərəfindən tələf edilir".
Kənd camaatı bir neçə dəfə müvafiq qurumlara müraciət ediblər. Belə ki, yırtıcı heyvanlarla mübarizə aparmaq üçün kəndə yalnız iki şəxs göndərilib. Lakin onlara yalnız yırtıcı heyvanlara toxunmamaq, onları qorxutmaq təlimatları verilib:
"Deyirlər ki, yırtıcı heyvanlara ziyan vurulsa, cərimə tətbiq ediləcək. Bəs mənim təsərrüfatıma dəyən ziyanı kim ödəyəcək?"
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, yaşayış məntəqələrinin meşə sahələrinə bitişik ərazilərdə salınması, təəssüf ki, bu cür hadisələrin baş verməsinə səbəb olur.
O qeyd edib ki, ayının kənd sakininin həyətyanı sahəsinə hücumu ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli ekologiya idarəsinin mütəxəssisləri və ovçulardan ibarət işçi qrup yaradılacaq, bir neçə gün ərzində ərazidə növbətçilik təşkil olunacaq və ayı yenidən kəndə hücum edərsə heyvanın ərazidən uzaqlaşdırılması üçün ürküdücü vasitələr tətbiq ediləcək.
Rəylər